6

Deputat: “Biz Qorbaçovun əməllərini əsas götürüb, Rusiya ilə münasibətləri korlamalıyıq?” – MÜSAHİBƏ

Siyasət

Deputat: “Biz Qorbaçovun əməllərini əsas götürüb, Rusiya ilə münasibətləri korlamalıyıq?” – MÜSAHİBƏ “Azərbaycan diplomatiyası maksimum müsbət nə əldə etmək mümkün idisə, əldə edib”
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyevin müsahibəsi:

- Nəsib müəllim, Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Rusiyanın sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyətini qənaətbəxş hesab etmək olar. Amma bəzi məsələlər var ki, bizi qane etmir. Çünki o məsələlər sülhməramlı missiyası ilə uzlaşmır. Ermənilərin ciddi-cəhdlə Qarabağda yerləşdirilməsi, məişət şəraitinin yaxşılaşdırılması və digər sosial xidmətlərin göstərilməsi sülhməramlı missiyası ilə uzlaşmır. Sülhməramlıların fəaliyyətinə qarşı yönəlmiş etirazların əsası var. Onlar Azərbaycan xalqının etimadını və etibarını qazanmaq üçün qıcıqlandırıcı fəaliyyətdən çəkinməlidirlər. Sülhməramlıların keçmiş “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən seperatçılarla qeyri-rəsmi, normadan artıq yaxınlaşması, fotoların çəkilməsi, Ermənistanın siyasi rəhbərliyində təmsil olunan insanların Dağlıq Qarabağ ərazisinə buraxılması və onlarla görüşlərin keçirilməsi hər bir azərbaycanlıda qıcıq yaradır. Sülhməramlılar öz missiyalarına adekvat hərəkət etməlidirlər.
- Sülhməramlılar bu cür davam edərlərsə, Azərbaycan nə etməlidir?
- Yalnız bu deyil, digər məsələlərlə də bağlı diplomatik səviyyədə müzakirələr aparılmalıdır. Azərbaycan xalqını narahat edən məsələlər Rusiya qarşısında qaldırılmalıdır. Çünki Rusiya dövləti sülhməramlı missiyasını üzərinə götürüb. Bu, 2020-ci ilin 10 noyabr bəyanatında əksini tapıb. Müzakirələr davam etdirilməlidir, bizi qane etməyən məsələləri həll etməliyik.
- 44 günlük müharibə zamanı Türkiyə Azərbaycana həm siyasi, həm də mənəvi dəstək verdi. Bəs niyə Qarabağda Türkiyəyə Rusiya ilə bərabər imkanlar tanınmadı?
- Reallıqdan çıxış etmək lazımdır. Türkiyə Qarabağda kifayət qədər aktiv rol oynayır, balanslaşdırıcı siyasət aparır. Qarabağ ərazisində monitorinq mərkəzində Rusiya ilə birgə Türkiyənin də təmsil olunmasının əhəmiyyəti çox böyükdür. Türkiyə Azərbaycana göstərdiyi mənəvi, siyasi dəstəyi davam etdirir. Təbii ki, Türkiyə silahlı qüvvələrinin hərbi qulluqçularının sayı Rusiya sülhməramlıların sayı qədər olsaydı, daha yaxşı olardı. Amma müəyyən geosiyasi reallıqlar var ki, hesablaşmalıyıq. Dağlıq Qarabağ məsələsinin həlli Türkiyə və Rusiya ilə əhatələnmir. Burada başqa böyük qüvvələrin də öz maraqları var. ATƏT-in Minsk Qrupu nə ləğv edilib, nə də buraxılıb... Azərbaycan diplomatiyası maksimum müsbət nə əldə etmək mümkün idisə, əldə edib.
- Ümumiyyətlə, sülhməramlıların Qarabağda yerləşdirilməsi çoxmu vacib idi?
- Bəli, sülhməramlıların Qarabağda olması vacib idi. Çünki problemin kökünə nəzər salsaq görərik ki, iki xalq arasında yüz illiklərə söykənmiş nifrət var. Bu prosesi tənzimləmək üçün sülhməramlı olmalı idi. Ola bilər, kənardan bəsit görünsün. Barışıq üçün üçüncü qüvvənin olması vacib idi. Sülhməramlıların iştirakı ilə Zəngəzur bölgəsində bir neçə kənd Azərbaycan ərazisinə təhvil verilib, sərhədlərimiz bərpa olunur. Ermənilər Laçın dəhlizindən əlavə Kəlbəcər istiqamətində də yolun açılmasına çalışırlar. Bütün bunların həllində sülhməramlıların rolu var. Üçüncü tərəfin iştirakı olmasa idi, proses mürəkkəb olardı.
- Sülhməramlı qüvvələrin Rusiyaya məxsus olması müzakirə mövzusudur... Hətta belə bir ifadə də səsləndirilir ki, Rusiya olan yerdə əmin-amanlıqdan söhbət gedə bilməz... Moldova, Gürcüstan, Ukrayna təcrübəsi var.
- Rusiya həm Gürcüstanda, həm də Moldovada tərəf kimi çıxış edir. Amma Qarabağda elə deyil. Biz ərazi bütövlüyümüzü təmin etmişik. Rusiya sülhməramlı kontingenti istəsə də, tərəf kimi çıxış edə bilməz. İctimaiyyət arasında müəyyən nigarançılıq var, razıyam. Bunun da zamana ehtiyacı var. Hər şey birdən-birə həll edilə bilməz. Zaman Azərbaycanın xeyrinə işləyir. Hesab edirəm ki, Azərbaycan diplomatiyası bu məsələləri həll edəcək.
- Azərbaycan ordusu Xankəndiyə niyə daxil olmadı. Bunun Rusiya ilə hər hansı əlaqəsi varmı?
- Tam məsuliyyətimlə deyirəm ki, Ali Baş Komandan İlham Əliyevin ən böyük müdrikliyi onda oldu ki, müharibəni zamanında, lazım olan nöqtədə saxladı. Bu, çox ciddi məsələdir. Əks halda, çox böyük problemlərlə qarşılaşa bilərdik. Xüsusilə qeyd etmək istərdim ki, əks-hücum əməliyyatları başa çatana qədər beynəlxalq təşkilatlar, böyük dövlətlər əsasən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Əgər Azərbaycan ordusu bir çox insanların dediyi kimi, Xankəndiyə qədər getsəydi, bunun ciddi fəsadları ola bilərdi.
- Xankəndi Azərbaycana qaytarılacaqmı?
- Xalqımız istəsə, Xankəndi də qaytarılacaq. Bunun bir yolu var: Qarabağdan məcburi köçkün düşən insanlar qayıtmalıdırlar. Demoqrafik vəziyyət xeyrimizə dəyişməlidir.
- Hazırda həmin ərazilərə ermənilər köçürülür...
- Rusiya rəsmiləri dedilər ki, Qarabağa 50 minə yaxın erməni köçürülüb. Erməni psixologiyasını, onların əlində qalan ərazinin iqtisadi potensialını təhlil etməklə, gələcək perspektivi görmək mümkündür. Nə qədər ianələr hesabına yaşamaq olar?! Orada erməni xalqı üçün perspektiv görmürəm. Qarabağda məskunlaşma uğurla başa çatsa, proseslər təbii yolla öz axarına düşəcək.
- İnsanların qayıtması üçün nə etmək lazımdır? Onların yenidən şəhərə üz tutmaması üçün hansı mexanizm olmalıdır?
- Ümumiyyətlə, urbanizasiya prosesi dünyanın bütün ölkələrində var. Bunun qarşısının alınmasının müəyyən yolları var. Şəhərdə olan şərait orada da yaradılmalıdır. Münbit investisiya mühitinin yaradılması, vergi güzəştlərinin nəzərdə tutulması, iqtisadi fəallığın artırılması yolu ilə bölgənin məskunlaşdırılmasına nail olmaq olar. Gənclərin özünəməşğulluğunun, asudə vaxtlarının təşkili mühüm məsələlərdəndir. İnsanlar qayıdacaq, bu, şübhəsizdir.
- Azərbaycan Rusiya ilə necə davranmalıdır? Bəzi siyasətçilər deyir ki, əməkdaşlıq etməliyik, tarixdə baş verənləri də unutmuş kimi göstərməliyik...
- Vaxtaşırı ayrı-ayrı siyasi partiyaların nümayəndələrinin, politoloqların Rusiya ilə münasibətlərdə emosional, aqressiv yanaşma tələb edən fikirlərinə rast gəlirik. Rusiya bizim böyük qonşumuzdur. Biz nəyə görə Rusiya ilə dost olmalı deyilik? Rəqabət aparmaq üçün kifayət qədər sahələr var. İqtisadi sahədə Rusiya ilə həm əməkdaşlıq edirik, həm də rəqabət aparırıq, qeyri-neft sektorunda bir nömrəli tərəfdaşımızdır. Rusiyada kifayət qədər azərbaycanlı çalışır. Hər şeyi 1990-cı ilin 20 yanvarında və tarixdə baş verən digər neqativ hadisələrə yönəltmək lazım deyil. Tarixi proseslərdən düzgün nəticə çıxarmaqla, gələcəyə hesablanan siyasət qurmalıyıq. Bu siyasətin də kökündə Azərbaycan xalqının maraqları durmalıdır. 20 yanvar hadisəsi SSRİ rəhbəri Mixail Qorbaçovun göstərişi ilə törədilib, ağır cinayət hadisəsidir. Rusiya xalqının da əksər hissəsi Qorbaçova nifrət edir. Biz Qorbaçovun əməllərini əsas götürüb, Rusiya ilə münasibətləri korlamalıyıq? Bu, bizə nə verir? Doğrudur, Rusiyanın bəzi telekanallarındakı tok-şoularda ermənilər tərəfindən satın alınmış siyasətçilər, aparıcılar Azərbaycanın əleyhinə təbliğat aparırlar... Amma 44 günlük müharibədə Rusiya dövləti tərəfindən kifayət qədər balanslaşdırılmış siyasət həyata keçirildi. Siyasətdə 100 faizlik nəticə olmur. Biz istənilən ölkə ilə əməkdaşlığa hazırıq. Hətta Ermənistanla da. Amma onlar bizim suveren hüquqlarımıza hörmətlə yanaşmalıdırlar. Gələcəkdə kommunikasiyalar bərpa olunacaq. Biz buna məcburuq, qonşuyuq... Əgər təxribat olacaqsa, biz də təsir vasitələrimizdən istifadə edəcəyik. Dövlət siyasəti emosiyaları qəbul etmir, səbrlə, təmkinlə aparılmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev son 17 ildə balanslaşdırılmış siyasət həyata keçirməsəydi, Dağlıq Qarabağ kimi mürəkkəb problemi həll edə bilməzdik. Qələbənin kökündə Prezidentin həyata keçirdiyi balanslaşdırılmış, müdrik siyasət dayanır.
- Ermənilərin yenidən revanş etmək ehtimalı varmı? Artıq bununla bağlı müxtəlif fikirlər səsləndirilir...
- Qətiyyən! Bunu dərk etmək üçün Ermənistanın daxilindəki vəziyyətə baxmaq kifayətdir. Müharibə aparılması üçün çox güclü maliyyə imkanları, iqtisadiyyat, ordu olmalıdır. İqtisadiyyat çökübsə, maliyyə yoxdursa, güclü ordunu necə formalaşdıra bilərsən?! Ermənistan cəmiyyəti antiazərbaycan, antitürk ritorikası ilə formalaşıb. İstənilən siyasətçi özünü təsdiq etmək üçün Azərbaycan, Türkiyə əleyhinə təbliğat aparmalıdır. Məlum “erməni xəstəliyi” sağlam düşüncəni qəbul etmir. Orada siyasətçilər çalışırlar ki, populist çıxışlarla nəyəsə nail olsunlar. Ancaq son zamanlar aparılan sorğular göstərir ki, Ermənistan cəmiyyəti də müharibə istəmir. Revanş istəyən qüvvələr əsasən erməni diasporudur. Diaspor zədələnmiş erməni illuziyalarını bərpa etmək istəyir. Nə ilə müharibə edəcəklər? Resurs yoxdur...
- Ermənistandakı hazırki vəziyyəti 1990-cı ildəki Azərbaycandakı vəziyyətlə müqayisə edirlər, oxşarlıqların olduğu bildirilir. Bu müqayisə doğrudurmu?
- Həqiqət var. 1990-cı illərin əvvəllərində hakimiyyətdə küçədən hakimiyyətə gələn AXC-Müsavat cütlüyü təmsil olunurdu. Onlar populist idilər, idarəetmə təcrübələri yox idi. Ziddiyyətli bəyanatlar verirdilər. AXC-Müsavat cütlüyü xalqın hisslərindən istifadə edərək hakimiyyətə gəldi, 1 il çəkmədi ki, dövlət yox olmaq təhlükəsi ilə üzləşdi, xalq vətəndaş müharibəsinə sürükləndi, Laçın, Şuşa, Kəlbəcər işğal olundu. Azərbaycan xalqının qatı düşməni Ələkrəm Hümbətov cəbhənin ən fəal üzvlərindən idi. Müharibənin gedişində briqadanı apardı Cənuba, “Talış-Muğan Muxtar Respublikası”nı elan etdi. Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Şimalda separatçı “sadvalçılar” ictimai-siyasi sabitliyi gərginləşdirirdilər. Sonradan cəbhəçilər və müsavatçılar öz aralarında belə, yola getməyərək çoxsaylı kiçik partiyalar yaratmaqla, düşmənçiliyi davam etdirdilər. Analoji proseslər Ermənistanda da baş verir. Ancaq reallıq ondan ibarətdir ki, bizdən fərqli olaraq, onlarda Heydər Əliyev kimi müdrik lider yoxdur ki, kritik dövrdə xalqa ağsaqqallıq etməklə, düşdüyü bataqlıqdan çıxarsın. Paşinyan kimi birisi küçədən hakimiyyətə gəldi. Fərqli cəhət ondan ibarətdir ki, Ermənistanı dəstəkləyən dövlətlər vardı. Azərbaycana qarşı isə əksinə, torpaqlarımız işğal olundu, Konqres tərəfindən 907-ci düzəliş (Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir – red) tətbiq edildi. İkili standartlardan irəli gələn ziddiyyət.
- 44 günlük müharibədə ABŞ-ın mövqeyi sizi qane etdimi?
- Tramp hakimiyyətə gəldikdən sonra ABŞ digər dövlətlərin daxili işlərinə qarışmadı. Amerika heç bir dövlətə qarşı müharibə elan etmədi. Vətən Müharibəsinin aktiv fazası ABŞ-da prezident seçkiləri ilə üst-üstə düşdü. Prezident İlham Əliyev geosiyasi imkanlardan çox məharətlə istifadə etməyi bacardı.
- Hazırda ABŞ Prezidenti Cozef Baydendir. Gözlətiniz nədir?
- Faktdır ki, Bayden indiyədək ABŞ Konqresində Ermənistanın xeyrinə qəbul olunan çoxsaylı qətnamələrin müəlliflərindən biri olub. O, Prezident seçildikdən sonra erməni kökənli iki nəfəri də vəzifəyə təyin edib. Amma ABŞ-ın dövlət siyasəti yalnız prezidentlə məhdudlaşmır. Xarici siyasətə təsir imkanları olan digər strukturlar da var, məsələn, ABŞ Dövlət Departamenti, Pentaqon, dərin dövlət, xüsusi xidmət orqanları... Bu qurumlar üçün əsas ABŞ-ın dövlət maraqlarıdır. Dəfələrlə şahidi olmuşuq ki, bu və ya digər namizədlər seçki ərəfəsində erməni lobbi təşkilatlarına, diasporuna loyal münasibət göstəriblər, vədlər veriblər. Amma hakimiyyətə gəldikdən sonra reallıqdan çıxış edərək fərqli siyasət yürüdüblər.
- Azərbaycan ABŞ-ın, Fransanın, Rusiyanın təmsil olunduğu ATƏT-in Minsk Qrupu ilə bağlı hansı addımı atmalıdır?
- Hesab edirəm ki, ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur. Minsk Qrupu 30 il ərzindəki fəaliyyətində heç bir şeyə nail olmadı. Azərbaycan ordusu əks-hücum əməliyyatına başlamaqla beynəlxalq hüququ, qətnamələrin icrasını təmin etdi, ədalət bərpa olundu. Minsk Qrupunda təmsil olunan Fransa Senatı Dağlıq Qarabağla bağlı qətnamə qəbul etməklə, mənfi president yaratdı. Fransa bunu etməklə beynəlxalq hüququ ayaqlar altına atdı. Fransada antitürk ritorikası güclüdür. Çox yaxşı olardı ki, ATƏT-in Minsk Qrupu özü-özünü buraxaydı. Düşünürəm ki, ölkə başçısı bu məsələləri hamıdan yaxşı bilir və lazım bütün addımları atır. Qarabağ problemi ATƏT-ın iştirakı olmadan həllini tapdığı üçün, özü qrupun fəaliyyətinə xitam verə bilər.
- Nəsib müəllim, ABŞ-dan, Rusiyadan, Fransadan danışdıq. Ümumiyyətlə, daxildə xarici qüvvələrə bağlılığı olanlar varmı? Son zamanlar “Beşinci kolon” ifadəsi tez-tez işlədilir. Onların təsir imkanları hansı səviyyədədir?
- 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı yumruq kimi birləşməyi bacardı. Bilirsiniz, cəmiyyətdə dedi-qoduya, şayiələrə meyillilik həddin artıq çoxdur. Təbii ki, hər bir dövlətdə “beşinci kolon” var. Siyasətçilər bir-birilərinin əleyhinə kapmaniya aparanda “beşinci kolon” ifadəsindən istifadə edirlər. Başqa bir tərəfdən bir çox insanlar şəxsi uğursuzluqlarını ört-basdır etmək üçün bu tipli terminlərdən istifadə edirlər. Əminliklə deyirəm ki, Vətən Müharibəsi göstərdi ki, “beşinci kolon” varsa belə, ictimai rəyə təsiri sıfra bərabərdir.

Oxşar xəbərlər:

Təsisçi: Raqif Nazimoğlu E-mail: [email protected] Tel: (+99450) 542-42-82 © Copyright 2020, Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı